Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti ADPU-da olub
Aprelin 20-də Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndələri Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, habelə İttifaqın müvafiq vilayət və şəhər bölmələrinin rəhbərləri, şöbə müdirləri,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə, İttifaqın beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vurğun Məmmədov iştirak edib.
Çıxış edən prof. Cəfər Cəfərov qonaqlara Pedaqoji Universitet haqqında geniş məlumat verərək bildirib ki, universitetdə Azərbaycan bölməsi ilə yanaşı rus və ingilis bölmələri də fəaliyyət göstərir.
Tədqiqat universiteti olmaq yolunda aparılan islahatlar, əməkdaşların təlim və treninqlərə, beynəlxalq sertifikat proqramlarına cəlb olunması, maddi-texniki bazanın yenilənməsi, beynəlxalq mübadilə və ikili diplom proqramı haqqında danışan rektor qeyd edib ki, ADPU 2021-ci ilə qədər olan strateji inkişaf planını icra edib və hazırda 2030-cu ilə qədər olan müddət üçün strateji plan üzərində işləyirik.
Aygül Mukaşeva çıxış edərək göstərilən qonaqpərliyə görə öz təşəkkürünü bildirib və ADPU-da görülən işləri yüksək qiymətləndirib. O, Qazaxıstanda təhsil quruculuğu və həmkarlar hərəkatı haqqında geniş məlumat verərək bildirib ki,  Qazaxıstanda Abay adına Qazax Milli Pedaqoji Universiteti və Qazax Qadın Pedaqoji Universiteti pedaqoji kadrlar yetişdirir.
Mirzə Cəfərzadə qeyd edib ki, ATİAHİ ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu əməkdaşlıq ölkələrimizin təhsil sahəsində həmkarlar hərəkatları arasında təcrübə mübadiləsi və birgə inkişafa dair yeni imkanlar yaradır.
Qonaqlar ADPU-da tədris və tədqiqat şəraiti ilə tanış olub, universitetin böyük akt zalında təşkil olunan konsert proqramını izləyiblər.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo