Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür
“Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlandı ki, ötən il istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb. Statistika göstərir ki, artıq bu sahədə müsbət dinamika var və yaxın gələcəkdə ölkəmizin enerji təchizatında alternativ enerji mənbələri mühüm rola malik olacaq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir”, – Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Hər iki tədbirədə – təməlqoyma mərasimində bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, layihələrin əhəmiyyəti barədə nitq söyləməsi onun bu sahəyə dəstəyinin və inkişafına marağının təzahürüdür. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olmasından bəhs etdi. Xüsusilə qeyd edim ki, Buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də əlverişli investisiya mühiti də münbit şərait yaradır. Artıq Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib. Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan artırır”.

S.Möhbalıyev əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, karbohidrogen ehtiyatlarına qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Bildirib ki, dəyəri 225 milyon ABŞ dolları olan layihənin illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal etməsi nəticəsində ölkəmizdə 110 milyon kubmetr qaza qənaət yaranacaq və 200 min tondan artıq karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınmış olacaq, təbii ki, bu da müsbət tendensiyadır.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo