Sabunçu rayonunda 2 fevral - Gənclər Günü qeyd edilib
Bakının Sabunçu rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir təşkil olunub.
ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçığı ilə baş tutan tədbirdə ATİAHİ Respublika Komitəsinin katibi Zəfər Məmmədov, Bakı rayon komitələrinin sədrləri, rayonun təhsil işçiləri və şagirdləri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon komitəsinin sədri Alı Məmmədov açıb. O, ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, həmçinin rayon komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sonra ATİAHİ Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov çıxış edib. Bildirib ki, Azərbaycanda 2 fevral – Gənclər Gününün qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı”. Z.Məmmədov qeyd edib ki, həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı: “Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq”. 
Sonra tədbirdə həmkarlar ittifaqı fəalları çıxış edib. Çıxış edənlər bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. 
Vurğulanıb ki, tarixən gənclər cəmiyyətin əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla hər bir dövlətin gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayıb. Ölkəmizdə də onların rolu həmişə yüksək qiymətləndirilib, perspektivli fəaliyyətləri üçün hər cür şərait yaradılıb.
Çıxışların ardından şeirlər səslənib, musiqi nömrələri təqdim olunub. Sonda rayonun fəal gəncləri mükafatlandırılıb.
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo